Yeni ilə hansı yeniliklərlə qədəm qoymuşuq?  

16:05 02.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Artıq 2021-ci ilin ilk günlərini yaşayırıq. Gələn həftə 5 günlük bayram tətili başa çatacaq və yeni ilin ilk iş həftəsi başlayacaq. Bəs görəsən, yeni ilə hansı yeniliklərlə qədəm qoymuşuq?

Tarixi əhəmiyyət daşıyan yeni büdcə qanunu qüvvədədir

Əvvəlcə ondan başlayaq ki, yanvarın 1-dən qüvvəyə minən 2021-ci ilin dövlət büdcəsi digər illərin büdcə sənədi ilə müqayisədə tarixi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın dövlət müstəqilliyini əldə edəndən bu yana ilk dəfədir ki, dövlət büdcəsində Qarabağın da adı var. Təbii ki, bu 44 günlük Vətən Müharibəsində ordumuzun qazandığı parlaq qələbə nəticəsində mümkün olub. 30 ilə yaxın işğal altında olan Qarabağ bölgəsinin bu il ərzində bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard manat ayrılır. Qeyd edək ki, işğal altında qaldığı illər ərzində, habelə İkinci Qarabağ müharibəsi zamanı bölgəyə vurulan maddi ziyanın hesablanmasına da artıq başlanıb. Çox güman ki, ilkin statistik rəqəmlər bu il ərzində ortaya çıxacaq.

Şəhid ailələrinə qayğı daha da artırılır

Dövlətin həmişə diqqət mərkəzində saxladığı həssas qruplara qayğı bu il daha da artırılacaq. Belə ki, Prezident İlham Əliyevin 2020-ci ilin son günü imzaladığı yeni Fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Qeyd edək ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7 faiz artırılaraq 300 manatdan 500 manata çatdırılıb.

Eyni zamanda, müfaviq fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50 faizdən çox artırılaraq:

I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata,

II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata,

III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırılıb.

Bundan başqa, dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20 faiz artırılaraq 1500 manatdan 1800 manat müəyyənləşdirilib.

Müddətli hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən Müharibəsi Qəhrəmanlarının sosial müdafiəsi də cənab Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100 faiz artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək.

Yeni ildən həmçinin müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək. Bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna edilmiş dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib. Qanuna dəyişikliklə hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

2021-ci ildə kişilərin pensiya yaşı 65, qadınların isə 62 il 6 aydır

Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı da açıqlanıb.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.

Polietilen torbaların satışına qadağa qüvvəyə minib

Yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib. Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Qanun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

İcbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb

1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Bu ilin yanvarın 1-dən həm də Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Belə ki, 2021-ci ilin yanvarın 1-dən ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulub.

Sonuncu, üçüncü mərhələdə, 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixindən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.

Ötən il gözlənilməz şəkildə həyatımıza daxil olan, yaşam tərzimizi tamamilə dəyişən və bu il yox olacağına inandığımız COVID-19 pandemiyasına qarşı nəzərdə tutulan vaksinlərin Azərbaycana idxalı isə 2 il müddətinə ƏDV-dən azad olunacaq. Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib.